Moskvada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan-Ermənistan sammitinin keçiriləcəyi barədə mətbuatda dərc olunan məlumat həqiqətə uyğun deyil. Bunu Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.
"Bu məlumatda yol verilmiş qeyri-dəqiqliyə aydınlıq gətirmək istəyirik. Məlumatda deyilir ki, guya RF xarici işlər naziri Sergey Lavrovun Mauerbaxda ATƏT ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə apardığı danışıqlarda Moskvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyi bildirilib. Lakin bu məlumat həqiqətə uyğun deyil”, - deyə o vurğulayıb.
Direoktor müavini bildirib ki, əslində Azərbaycan və Ermənistan XİN başçıları Mauerbaxda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi gün Brüsseldə görüşüblər və bu məsləhətləşmələr Minsk qrupunun həmsədrləri tərəfindən təşkil edilib.
“Görüşdə həmsədrlərin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər, ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi müzakirə olunub. Görüşün yeri isə predmet olaraq müzakirə edilməyib”, - deyə A.Kojin əlavə edib.*