“Baqira” və “Export Council Azeritrade” MMC adlı şirkətlərin direktoru Məmmədhəsən Tağıyev barəsində 10 mln. manatdan çox vəsaitin mənimsənilməsi faktı üzrə cinayət işi başlanıb. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir.
“Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədhəsən Tağıyev direktoru olduğu “Baqira” və “Export Council Azeritrade” MMC adlı şirkətlərin guya fəaliyyətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi üçün notarial qaydada təsdiq olunmayan və faktiki olaraq bankın xeyrinə yüklü edilməyən əmlakları ipoteka predmeti kimi göstərməklə “Kredobank” ASC-dən həmin şirkətlərin adına rəsmiləşdirilmiş 10,12 mln. manat məbləğində kredit vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb”, - deyə məlumatda bildirilir.
M.Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin, o cümlədən “Kredobank” ASC-nin vəzifəli şəxslərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.*
R.Babayev