Bazar ertəsi Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər kollegiyasının iclası keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, tədbirdə müsabiqənin təsdiq olunmuş əsasnaməsinə yenidən baxılıb, əlavə dəyişikliklərin aparılması və təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib.
“Hakimlər heyətinin tərkibi dəqiqləşdirilib və epizodların keçiriləcəyi yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib”, - məlumatda deyilir.
Müsabiqə “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı”, həmçinin “Dəniz hazırlığı” üzrə yarışların keçirilməsi ilə üç mərhələdən ibarət olacaq.
“Dəniz kuboku - 2017” müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir”, - məlumatda vurğulanır.
Avqustun 1-dən 11-dək Azərbaycanda “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqə keçiriləcək. **
F.İsazadə