2017-ci ilin payızında Kiyevdə Azərbaycan və Ukrayna ticarət-əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bəyan edib.
“Azərbaycan Ukrayna mallarının İran və Orta Asiya bazarlarına çıxarılmasına dair strateji baxış təklif edir. Yəqin ki, Hökumətlərarası Komissiyanın payızda keçiriləcək iclasında bu məsələ müzakirəyə çıxarılacaq. Düşünürəm ki, müvafiq sənədlər imzalanacaq”, - A.Xudiyev Ukraynanın “Qordon” nəşrinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan özünün nəqliyyat dəhlizləri vasitəsilə Ukrayna məhsullarını İran və Mərkəzi Asiyaya tədarük edə bilər. “Ukraynanın əksər məhsulları Orta Asiya və İrana çatmır. Azərbaycan isə bu proseslərə təsir edə və ya retreydinq ilə məşğul ola bilər. 35 mln. etnik azərbaycanlının yaşadığı İranla tarix boyu yaxşı əlaqələrimiz var. Çox gözəl mehriban qinşuluq münasibətlərimiz mövcuddur, nə dil, nə də təfəkkür maneələrimiz var”, - A.Xudiyev vurğulayıb.
Səfirin sözlərinə görə, Bakı və Kiyev Azərbaycanın Ukraynada Ticarət Evinin açılmasına dair razılığa gəliblər. “Ticarət dövriyyəsini artırmaq və Ukraynaya ixracı artırmaq, o cümlədən, burada fəaliyyət göstərən şirkətləri əlaqələndirmək məqsədilə bu ideyanı reallaşdımağa dair böyük istək var. Öz növbəsində, Ukrayna rəhbərliyi ölkəsinin Azərbaycanda Ticarət Evinin açıçlması imkanına baxmağı xahiş edib”, - A.Xudiyev bildirib.
O qeyd edib ki, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur. “Lakin hələlik ticarət dövriyyəsi hər iki tərəfin ruhuna uyğun deyil. Son illər ərzində göstəricilər 3 dəfə azalıb, bu da Donbasda hərbi münaqişə ilə əlaqədardır. Əvvəl Şərqi Ukraynadan Azərbaycana çox sayda mallar ixrac olunurdu - metal, tibb preparatları və s. Hazırda həmin müəssisələrlə əməkdaşlıq yoxdur”, - A.Xudiyev bildirib. **
A.Axundov