“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev barəsində hökmdən kassasiya şikayəti verilib. Bu barədə yerli mətbuat məlumat verir.
Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, şikayətdə C.Hacıyev barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Vəkil bildirib ki, şikayətə yaxın vaxtlarda baxılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmə əsasən, Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə aqzadlıqdan məhrum ediliblər.
Aparılmış istintaqla 2001-2015-ci illərdə Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etməsinə, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesablarının açılması və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verməsinə, eləcə də C.Hacıyev və cinayətin digər iştirakçılarının Müşahidə Şurasının qərarı olmadan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat ($138 mln.) kredit pullarını rəsmiləşdirərək mənimsəmələrinə və beləliklə, Səhmdar Cəmiyyətə ümumilikdə 211 mln. 597 min manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar müəyyən edilib.
C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
İş üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub.
2015-ci ilin mart ayında C.Hacıyev səhhəti ilə əlaqədar AMB-nin İdarə Heyətinin sədri postundan istefa verib. Ötən ilin dekabr ayında C.Hacıyev bankdan külli miqdarda pul vəsaitinin mənimsənilməsində şübhəli bilinərək həbs olunub.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın nəzarət paketi dövlətə məxsusdur. **
R.Babayev