İqtisadiyyat və Səhiyyə nazirliklərinin ərzaq məhsulları bazarında həyata keçirdiyi birgə nəzarət tədbirləri nəticəsində fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların tərkibində təhlükəli mikroorqanizmlərin olduğu müəyyən edilib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Panda”, “Karolina”, “Mirage” və “Zontik” plombir dondurmalarında, “Matroskin” südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
Eyni zamanda “Karolina” və “Zontik” plombir dondurmalarında, eləcə də “Matroskin” südlü dondurmasında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkarlanıb.
“Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar Tahir Qasımova qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova