Azərbaycanda ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Bakının Xətai rayonu ərazisində bir qrup şəxs tərəfindən 10 ədəd ağacın məhv edilməsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb”, - məlumatda deyilir.
Faktla bağlı AR Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma ) və 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
“Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakinləri Bağırov İlyas və Behbudov Fuad şəhərin Xətai rayonu ərazisində çoxmənzilli binanın yaxınlığında yerləşən 2,5 sot torpaq sahəsində üzərində hər hansı hüquqları olmadan fərdi yaşayış evi tikərək orada olan 10 ədəd ağacı 6,6 min manat ziyan vurmaqla qanunsuz kəsmələrində dair əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb. İ.Bağırov və F.Behbudov ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - Baş Prokurorluğun məlumatında qeyd edilir. **
R.Babayev