İqtisadiyyat Nazirliyi regionlarda yeni sənaye zonalarının yaradılması imkanlarını araşdırır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye zonalarının yaradılması imkanları araşdırılır”, - Ş.Mustafayev nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclasında bildirib.
Hazırda Azərbaycanda Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb.
“Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 mld. dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib. Balaxanı Sənaye Parkında 23 mln. manat investisiya yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa hazırdır”, - nazir bildirib.
Bundan başqa, Neftçala Sənaye Zonasında 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı Sənaye Zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 mln. manatdan çox olan 33 layihə təqdim olunub. **
A.Əzizov