Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun “Etihad” aviaşirkətinin rəhbərliyi ilə görüşündə Əbu-Dabi-Bakı reysinin açılması məsələsi müzakirə edilib. Bu barədə səfirliyin məlumatında deyilir.
“Görüşün əsas mövzusu Əbu-Dabi-Bakı reysinin açılması ilə bağlı olub”, - deyə məlumatda bildirilir.
Səfir D.Şikarov körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının 30 dəfədən çox artdığını, bu sahədə birbaşa təyyarə uçuşlarının vacibliyini diqqətə çatdırıb.
“Hazırda Dubay-Bakı, Şarja-Bakı və Dubay-Qəbələ istiqamətində həftədə 45-dən çox uçuş həyata keçirilir. Əbu-Dabidə açılması müzakirə edilən marşrut üçün böyük sərnişin potensialı var”, - deyə o qeyd edib.
Tərəflər yaxın gələcəkdə şirkətin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi, yerində qiymətləndirmənin həyata keçirilməsi və tezliklə reysin açılması istiqamətində müzakirələrin aparılması barədə razılığa gəliblər.*
R.Babayev