Azərbaycan Silahlı Qüvvələri gələcəkdə də Ermənistanın təxribatlarının qarşısını almaq və mülki əhalisinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bu barədə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanatında deyilir.
“Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcək”, - məlumatda qeyd olunur. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir.
“Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və sistematik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınır”, - bəyanatda vurğulanır.
Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən bu təxribatları sıradan olan adi hallar olmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və qəsdən törədilir.
Həmçinin, XİN və Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin saxta “parlamenti”ndə 19 iyul tarixində beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən “prezident” seçkisinin keçirilməsi bunun əyani sübutudur.
“Beləliklə, hadisələrin inkişaf xronikası bir daha onu sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaq”, - bəyanatda deyilir.
Vurğulanır ki, İrəvanın qeyri-konstruktiv hərəkətləri regional sülh və təhlükəszliyə ciddi təhdiddir. “Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür. Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə İrəvanın üzərinə düşür”, - bəyanatda deyilir. **
R.Babayev