“Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Səlim Krimanın iştirakı ilə maliyyə maxinasiyaları faktı üzrə daha bir cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Səlim Kriman və “Harvest” MMC-nin təsisçisi və direktoru Emin Quliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlar 11,679 mln. manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunurlar.
“E.Quliyev “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 mln. 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 mln. 91 min manatını S. Krimanla bölüb şəxsi ehtiyaclarına xərcləyib”, - deyə məlumatda bildirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş üzrə istintaq gedir.*
R.Babayev