«MİDA» MMC Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal rayonundakı yaşayış kompleksi ərazisində 7 çoxmənzilli yaşayış binasının tikintisi üçün podratçıları müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
"MEK-AN" firması tərəfindən 12 mərtəbəli 3 yaşayış binası (№20, 21 və 22) inşa olunacaq. Podrat işlərinin dəyəri 9 mln. 45 min 180,6 manatdır.
Bundan başqa, "Araz-Inşaatçı» MMC iki yaşayış binasının (№18 – ikibloklu 9 mərtəbəli və №19 – 12 mərtəbəli) tikintisini həyata keçirəcək. Podrat işlərinin dəyəri 6 mln. 186 min 22,29 manatdır.
"AS Tikinti" MMC tərəfindən iki yaşayış binası (№16 və №17 – ikibloklu 9 mərtəbəli) inşa olunacaq. Podrat işlərinin dəyəri 6 mln. 818 min 860,89 manat təşkil edir.
"İyunun 22-də adıçəkilən şirkətlərlə müqavilə bağlanıb", - deyə məlumatda qeyd olunur.
Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin təməli 2016-cı il dekabrın 24-də qoyulub. Kompleks 2018-ci ildə istifadəyə veriləcək.
Ümumi sahəsi 11,6 hektar olan şəhərcik 29 yaşayış binasını əhatə edir, onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq. 1 854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzilin sahəsi 31-33 kv. m, ikiotaqlınınkı 50-58 kv. m, üçotaqlınınkı isə 70 kv. m-ə yaxın olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək.
Bundan əlavə, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikiləcək.*
N.Abbasova