Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmət şimal-qərb bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində əməliyyatlar həyata keçiriblər.
“İyulun 25-26-da Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib”, - DİN və DSX-nin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd olunub.
Əməliyyatlara DİN Daxili Qoşunlarına məxsus helikopterlər cəlb olunub.
“Kompleks tədbirlər nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb”, - məlumatda deyilir.
Qeyd olunan faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Həmin cinayətlərin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub. **
R.Babayev