Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənzil bazarında dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilir.
“Dələduzluq faktı ilə bağlı cinayət işi “579 SSA” MMC-nin təsisçisi Eldar Salayev və şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov barəsində başlanıb”, - məlumatda deyilir.
AR Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
“E.Salayev və M.Qafarov Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər. İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçiriblər”, - məlumatda vurğulanır.
Cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.
E.Salayev və M.Qafarov barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. **
R.Babayev