2017-ci ilin birinci yarısında Azərbaycanın birbaşa xarici dövlət borcu 2,8% artaraq 7,1 mlrd. ABŞ dolları təşkil edib. Bu barədə “İnterafks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 mln. ABŞ dolları və ya 2,8% artaraq 7,1 mlrd. ABŞ dolları təşkil edib”, - Palatadan bildiriblər.
1 iyul 2017-ci il tarixinə ölkənin birbaşa xarici dövlət borcu ümumi daxili məhsulun 18,2%-nə bərabər olub.
“Adambaşına düşən xarici dövlət borcu 1 min 232,1 manat təşkil edir”, - Palatadan qeyd olunub.
Bununla belə, xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimidir: ABŞ dolları ilə – 75,4%, avro – 13%, yapon yeni – 2,5%, digər valyutalar üzrə isə 1,5%.
Bütövlükdə, ölkəyə cəlb edilən kreditlərin 32%-ni sabit dərəcə ilə olan kreditlər, 68%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,9 %-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 38%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 4,1%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
“1 iyul 2017-ci il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb ki, bu 1 yanvar 2017-ci il tarixə vəziyyətlə müqayisədə 285,4 mln. ABŞ dolları və ya 2,6% çoxdur”, - Palatadan vurğulanıb. **
A.Axundov