Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edir ki, Pakistandan əldə edilən “Super Muşak” təyyarələri Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq.
O, bu fikri iyulun 28-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşdə səsləndirib.
Pakistan KİV-nin məlumatına görə, iyulun 27-də Bakı və İslamabad arasında 10 ədəd "Super Muşak" təlim-məşq təyyarəsinin Azərbaycan Hərbi Hava Qüvvələrinə verilməsi barədə saziş imzalanıb. Müqavilə ilə həmçinin təyyarələrə gələcəkdə texniki xidmət göstərilməsi və pilotlara praktiki hazırlıqda kömək edilməsi nəzərdə tutulur.
“Ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən “Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Sonra səfir ölkəmizdə fəaliyyət müddəti başa çatmış hərbi attaşe polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik Nadem Yaqub Çaudrini müdafiə nazirinə təqdim edib.*
A.Əzizov