Cümə axşamı Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsində baş verən partlayış faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə cümə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
“İyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib. Nəticədə V.Məmmədov hadisə yerində ölüb”, - məlumatda deyilir.
Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər.
Dünən Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, yaralılardan biri xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Digər yaralı isə, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. **
R.Babayev