2016-ci il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda işləyən 32,919 min əcnəbi vətəndaş icbari sosial sığorta ayırmaları həyata keçirir ki, bu da ilin əvvəlinə olan göstəricidən 3,1% azdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin 87,8%-ni kişilər, 12,2%-ni qadınlar təşkil edir”, - deyə məlumatda bildirilir.
Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan əcnəbilər sırasında say baxımından ilk yerləri Тürkiyə (14 799 nəfər), Gürcüstan (3 286 nəfər) və Rusiya (2 108 nəfər) vətəndaşları tuturlar.
Eyni zamanda, sistemdə Özbəkistandan (1 764 nəfər), Hindistandan (1 476 nəfər), İrandan (1 011 nəfər), Çindən (927 nəfər), Banqladeşdən (871 nəfər), Pakistandan (746 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından (715 nəfər), Ukraynadan (610 nəfər), Türkmənistandan (330 nəfər), Filippindən (376 nəfər), ABŞ-dan (264 nəfər), Almaniyadan (250 nəfər), Qazaxıstandan (264 nəfər), İtaliyadan (216 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların məcburi sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.*
N.Abbasova