Azərbaycan Almaniyanın “TEMCO Group” şirkətinə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalını yaratmağı təklif edir. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Sözügedən məsələ bu gün iqtisadiyyat naziri Şahin Mustafayev və "TEMCO Group" şirkətinin rəhbəri Frank Templinin görüşündə müzakirə edilib.
Tərəflər plastik tərkibli ehtiyat hissələri istehsalının təşkili üçün Sənaye Parkında xammal potensialının mövcud olduğunu, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ticarət rejiminin istehsal olunan məhsulların region ölkələrinin bazarlarına ixrac imkanları yaratdığını qeyd ediblər.
Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkında peşə tədrisinin Almaniya təcrübəsi əsasında inkişafı da müzakirə olunub.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Parkın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.*
A.Axundov