2017/2018 tədris ilində Bakıda 25 mindən artıq uşaq məktəbəhazırlıq qruplarında məşğələlərə cəlb olunacaq.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində fəaliyyət göstərəcək 936 məktəbəhazırlıq qrupunda 25 mindən artıq uşaq məşğələlərdə iştirak edəcək”, - BŞTİ-nin sektor müdiri İlhamə Abdullayeva bazar ertəsi bildirib.
Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarının 770-i Azərbaycan, 166-ı rus bölmələrinin payına düşür.
“Məktəbəhazırlıq qruplarında məşğələlər 8 ay davam edəcək - oktyabrın 2-dən mayın 31-dək”, - İ.Abdullayeva qeyd edib.
Avqust və sentyabr aylarında uşaqların qeydiyyatı aparılacaq.
Onun sözlərinə görə, 5 yaşında uşaqlar üçün tədris ödənişsiz olacaq.
“2017-2018-ci tədris ilində məktəbəhazırlıq proqramı 5 yaşında olan uşaqların 65%-ni əhatə edəcək”, - İ.Abdullayeva vurğulayıb.
2018-2019-cu dərs ilində 75%, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq proqramının 5 yaşında olan uşaqların 90%-ni əhatə etməsi nəzərdə tutulur. “Məktəbəhazırlıq proqramını keçən uşaqlara ev tapşırığı verilməyəcək”, - İ.Abdullayeva deyib. **
R.Babayev