Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Hacıqabul rayon sakinlərindən odlu silah-sursat və narkotik vasitələr götürülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İctimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər. Nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb”, - deyə məlumatda bildirilir.
Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.*
F.İsazadə