“Azərenerji” ASC Bakının Qaradağ rayonunda 385 MVt gücündə elektrik stansiyası inşa etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
“Hazırda Qaradağ rayonunun Səngəçal qəsəbəsində gücü 385 MVt olan yeni elektrik stansiyasının tikintisi layihəsinə hazırlıq işləri görülür. Bununla bağlı Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsinə (ƏMSİSTQ) dair hesabat hazırlanır. Layihə razılaşdırılmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq təsisatlara təqdim olunacaq”, - ASC-dən bildiriblər.
“Səngəçal-2” elektrik stansiyasının inşası Azərbaycanın elektrik enerjisinə olan artan tələbatını tam həcmdə ödəyəcək.
İnşa zamanı Finlandiyanın «Wartsila» şirkətinin W20V50SG tipli 21 mühərrik - müasir avadanlığı istifadə olunacaq.
“Həmin mühərriklər məhz təbii qazla çalışacaq, bu da onların istifadəsini mühüm dərəcədə sadələşdirəcək. Bundan başqa, yeni stansiyanın soyuducu sistemi qapalı tipli olacaq, bu da qənaət nöqteyi-nəzərindən səmərəlidir. Atmosferə qaz tulantıları xüsusi filtrlərdən keçəcək. Azərbaycan Qaz Emalı Zavodundan müqavilə əsasında alınan təmizlənmiş qaz ətraf mühitə zərər verməyəcək”, - ASC-dən qeyd ediblər.
Yeni stansiyada 90-100 nəfər çalışacaq. **
N.Abbasova