Mərkəzi Bankın (AMB) İdarə Heyətinin bu gün keçirilən iclasında uçot dərəcəsinin 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib. Bu barədə bankın məlumatında deyilir.
“Makroiqtisadi sabitliyin dərinləşdiyi bir şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. Qeyd olunan meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirib və iqtisadiyyata pul təklifini artırıb. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də, inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb. Buna görə AMB uçot dərəcəsinin 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, faiz dəhlizinin digər parametrləri (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılıb.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə sentyabrın 18-də müzakirə ediləcək.*
A.Əzizov