Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mart ayında Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
İclasda çıxış edən prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il martın 9-da Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobusun "ZİL" markalı yük avtomobilinə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin 6 tələbəsi – İbrahim Nəsibov (21 yaş), İbrahim Quliyev (21 yaş), Çinarə Quliyeva (21 yaş), Rəşad Canıyev (20 yaş), Roza Muradova (20 yaş) və Lalə Nəsirzadə (19 yaş) ölüb, 21 sərnişin isə xəsarət alıb.
Sürücü barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.*
R.Babayev