Azərbaycanda manatın məznnəsinin sabitliyi de-dollarizasiya tendensiyası yaradır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
“Hazırki xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya trendi yaradır”, - bankın məlumatında qeyd olunur.
AMB vurğulayır ki, xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir.
“Bu ilin birinci yarısındaneftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edib”, - məlumatda qeyd olunur.
Bank bildirir ki, yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36,5%, o cümlədən qeyri-neft ixracı 27,9% artıb, idxal isə 15,7% azalıb. Xarici ticarət balansının profisiti 1,9 mlrd. ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları artıb.**
A.Axundov