Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun sözlərinə görə, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Yolun uzunluğu 13,5 kilometr, ikizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir.
Onun sözlərinə görə, Binəqədi-Novxanı avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı və yolboyu dağılmış hissələr yaranmışdı. Yolun hərəkət hissəsi 12,5 metrədək genişləndirilib. Bu layihənin icrası nəticəsində 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.
Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının yenidənqurulması bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biridir. **
A.Axundov