SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” Tresti 2017-ci ilin I yarısında 119,4 mln. manatdan çox dəyəri olan kompleks tikinti-quraşdırma və təmir işləri reallaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
““Neftqaztikinti” Tresti 2017-ci ilin ilk yarısında 119,4 mln. manatdan çox dəyəri olan kompleks tikinti-quraşdırma və təmir işləri reallaşdırıb. Bura 87,2 mln. manat dəyərində əsaslı tikinti, 32,2 mln. manat dəyərində isə əsaslı təmir fəaliyyəti daxildir. Görülmüş işlərin 86,6 mln. manat dəyərində olan hissəsi, yəni 73%-i trestin öz gücü hesabına yerinə yetirilib”, - deyə məlumatda bildirilir.
Bu işlər çərçivəsində 12,5 min ton metal-konstruksiyalar quraşdırılıb, dənizdə sualtı 10,2 km, estakada və meydançalarda 30,3 km, quruda 15,7 km boru kəmərləri çəkilib. 5 km sualtı, 70,9 km yeraltı yüksək gərginlikli kabel, 1,3 km hava elektrik ötürücü xətləri çəkilib.
“Neftqaztikinti” Tresti 2017-ci ildə 400 mln. 975,2 min manat dəyərində sifariş yerinə yetirməyi, o cümlədən öz vəsaitləri hesabına 325 mln. 5,2 min manat məbləğində tikinti-quraşdırma işləri reallaşdırmağı planlaşdırır.*
N.Abbasova