2017-ci ilin yanvar-iyul aylarında “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında olan metanol zavodu 140 min tondan çox metanol istehsal edib. Bu barədə MMC-dən məlumat verilib.
“SOCAR Methanol” MMC-nin idarəçiliyi altında olan metanol zavodu fəaliyyətini uğurla davam etdirir. Zavod cari ilin 1 yanvar tarixindən avqustun 1-dək 140 min tondan çox metanol istehsal edib. Bununla yanaşı, hazırda “SOCAR Methanol” MMC metanol istehsalı əsasında SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə son istifadəçilər üçün nəzərdə tutulmuş yeni məhsulların yaxın gələcəkdə buraxılması üzərində tədqiqat işləri aparır”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Azərbaycanda Metanol zavodunun maksimum məhsuldarlığı illik 650-700 min ton təşkil edir. Bu il 250 min ton metanol istehsal etməyi planlaşdırılır. Məhsulun dünyada tələbatının stabil artımını nəzərə alaraq, yaxın müddətdə istehsal həcmini illik 500 min tonadək artırmaq nəzərdə tutulur.
Metanol zavodunda istehsal olunan məhsul əsasən, Türkiyə, Qərbi Avropa və Aralıq dənizi ölkələrinə ixraca yönəldilir. Eyni zamanda, cəmiyyət daxili bazarda araşdırmaları davam etdirir. **
N.Abbasova