Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.
Onun sözlərinə görə, Balakən çayı üzərində tikilmiş stansiyanın ümumi gücü 1,5 meqavat təşkil edir.İldə 10 mln. kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15%-ni, Balakən şəhərinin tələbatının isə 25-30%-ni ödəyəcək.
Həmçinin president Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir.Avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq.
O cümlədən, İ.Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib. **
Balakənə səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi olan “ABAD Mərkəz”in açılışında iştirak edib. O cümlədən, Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısına məlumat verildi ki,
müəssisəyə əlavə olaraq 12 mln. manat investisiya cəlb ediləcək. Bu da, “Balxurma” müəssisəsinin gündəlik istehsal sayının 45 min ədəd xurmadan 150 min ədəd xurmaya çatdırılmasına səbəb olacaq. Məhsul daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə ixrac olunacaq.
F.İsazadə, R.Babayev