“Bakı Metropoliteni” QSC "Bakmil" stansiyasının yenidən qurulmasına başlamağı planlaşdırır. Bu barədə QSC-dən məlumat verilib.
“Avqust ayından "Bakmil" stansiyasının yenidən qurulmasına başlanılacaq. Yeganə yerüstü stansiya olan "Bakmil" açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb”, - məlumatda deyilir.
"Bakmil" stansiyasının yenidənqurma tədbirlərinin 2018-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulub. Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər.
“Yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiya sərnişinləri ikinci mərtəbəsindən qəbul edərək yola salacaq. Aşağı mərtəbə isə xidmət heyəti üçün nəzərdə tutulacaq”, - məlumatda qeyd edilir.
"Bakmil" stansiyası 38 ildir istifadə olunur. "Depo" adlandırılmış ilk belə kiçik bir platforma 1970-ci il sentyabrın 25-də istifadəyə verilib. 1992-ci ildə stansiyanın adı dəyişdirilərək, "Bakmil" qoyulub. **
N.Abbasova