Azərbaycanda yeni ipək kombinatı yaradılacaq. Bunu prezident İlham Əliyev avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
«Prezident İ.Əliyev damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması, qəbul məntəqələrinin və yeni ipək kombinatının yaradılması, “Şəki İpək” ASC-nin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi», - deyə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyevin sözlərinə görə, hazırda 30 rayonda barama istehsal olunur.
“Gələn il 500 ton barama tədarükü gözlənilir. 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılması mümkündür, bu sahədə dövlət dəstəyi davam edəcək, növbəti mərhələdə 8 milyon tut tingi əkiləcək və bu rəqəmin ümumilikdə 10 milyona çatdırılması planlaşdırılır”, - deyə dövlət başçısı qeyd edib
Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçalar üçün ipliyin istehsalına başlanacaq.
İ.Əliyev bildirib ki, fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə baramaçılıqdır. Çünki dövlət hər şeyi öz üzərinə götürüb, bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir.*
A.Axundov