Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 67,4 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bu vəsaitlər 924 sahibkarlıq subyektinin ümumi dəyəri 258 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
SKMF sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi istiqamətində növbəti işgüzar forumunu avqustun 4-də Saatlı rayonunda keçirib.
“İndiyədək Saatlı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 639 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,2 mln. manat güzəştli kredit verilib. Forum zamanı müvəkkil kredit təşkilatları vasitəsilə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 446 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq sahələrinin inkişafına yönəldiləcək”, - deyə məlumatda bildirilir.
Bu layihələrin reallaşdırılması 50-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.*
N.Abbasova