İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2017-ci ilin iyul ayında daşınmaz əmlakın icbari sığortası üzrə 1 mln. 282,916 min manat məbləğində sığorta haqqı toplayıblar ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bürodan məlumat verilib.
“Cari ilin iyul ayında sığortaçılarla daşınmaz əmlakın icbari sığortası üzrə 8,076 min müqavilə bağlanıb (azalma 26%), sığorta haqları yığımı 1 mln. 282,916 min manat (artım 5%) təşkil edib”, - məlumatda qeyd olunur.
2017-ci ilin iyul ayında həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167, sərnişinlərin fərdi icbari sığortası üzrə 28 müqavilə bağlanıb.
Hazırda Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı iki sığorta növü tətbiq edilir: fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası.
Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus tikililərə, yaşayış və qeyri-yaşayış sahələrinə, yaşayış evləri, binaları və mənzillərə, habelə dövlət əmlakına şamil edilir. Bununla yanaşı, elektrik naqillərində baş verən qısaqapanma, yanğın, partlayış, su və kanalizasiya sistemində qəzalar, təbii fəlakətlər və s. ilə bağlı olan faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqlərində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə sığorta tarifi sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda 13 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası üzrə xidmətlər göstərmək üçün lisenziyaya malikdir. **
A.Axundov