2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda banklar nağd valyutanın xalis satış həcmini 39,7% - $91 mln.-a qədər azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“Valyuta bazarının həcminin azalması nağd valyuta bazarında satışın azalması ilə nəticələnib. Yanvar-iyun aylarında banklar tərəfindən valyuta satışının xalis həcmi $91 mln. təşkil edib (ötən ilin müvafiq dövründə $151 mln.-a bərabər olub)", - deyə məlumatda bildirilir.
Bütövlükdə, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanın valyuta bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb. Xüsusilə ABŞ dolları ilə əməliyyatların həcmi 23,3%, avro ilə - 4,8% azalıb. Valyuta bazarında əməliyyatların 85,9%-i dollarla əməliyyatların, 14,1%-i digər valyutalarla əməliyyatların payına düşüb.
Mərkəzi Bankın məlumatına görə, yanvar-iyun aylarında valyuta əməliyyatlarının 24,4%-i banklararası valyuta bazarında, 75,6%-i bankdaxili valyuta bazarında reallaşdırılıb.*
A.Axundov