“PAŞA Həyat Sığorta” şirkəti 2017-ci ilin yanvar-iyun aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 79 mln. 616,57 min manat və ya 2017-ci ilin yanvar-iyun ayları ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 28,8%-i həcmində sığorta haqqı toplayıb.
Yanvar-iyun aylarının yekunları üzrə əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı şirkətlərin beşliyinə “PAŞA Sığorta” (66 mln. 663,841 min manat), “Atəşgah” (16 mln. 648,249 min manat), “Atəşgah Həyat” (15 mln. 893,124 min manat), “Azərsığorta” (13 mln. 227,072 min manat) olub.
Həmin dövrdə sığorta şirkətləri arasında ən çox ödəniş “Atəşgah Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 28 mln. 672,169 min manat və ya sığortaçıların bütün ödənişlərinin 23%-ni təşkil edib.
Yanvar-iyun ayları ərzində həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə “PAŞA Həyat Sığorta” (22 mln. 305,654 min manat), «PAŞA Sığorta” (19 mln. 997,52 min manat), “Qala Həyat Sığorta” (11 mln. 363,506 min manat) və “Atəşgah” (7 mln. 528,185 min manat) da daxil olub.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-iyun ayları ərzində sığorta şirkətlərinin sığorta haqları 276,158 mln. manat, ödənişləri 124,41 mln. manat təşkil edib.**
A.Axundov