İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2017-ci ilin yanvar-iyun aylarında “İcbari sığortalar haqqında” qanun çərçivəsində 56 mln. 109 min 231,75 manat məbləğində sığorta haqqı əldə ediblər ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
“İcbari sığortalar haqqında” qanun sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin sığortası.
Cari ilin yanvar-iyun aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İSB üzvlərinin sığorta haqları 21 mln. 571 min 231,42 manat (artım 18,7%), bunun 19 mln. 903 min manat daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının payına düşüb, fiziki şəxslərə məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 1 mln. 649,79 manat (artım 2,3 dəfə) təşkil edib.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb, hazırda Büronun üzvü olan 17 sığorta şirkətindən 14-ü “İcbari sığortalar haqqında” qanun çərçivəsində xidmət göstərmək hüququna malikdir.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi və bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun təsisçisi və ya üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvləri üçün daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat təşkil edir. **
A.Axundov