2017-ci ilin iyul ayında Azərbaycanda inflyasiya 0,1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin iyul ayında qeyri-ərzaq məhsullarının qiymətləri 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,4% bahalaşıb. Hesabat ayında ərzaq məhsullarının qiymətləri iyun ayı ilə müqayisədə 1% ucuzlaşıb”, - deyə Komitədən bildiriblər.
Ay ərzində mal və quzu əti, pendir, kərə və zeytun yağları, limon və sarmısağın qiymətlərində artım qeydə alınıb.
İyulda mannı və qarabaşaq yarmalarının, makaron məmulatlarının, quş ətinin, yumutrta və balıq məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalıbnın, qarpızın, qovunun, pomidorun, badımcanın, yerkökünün, kartofun, tütün məmulatlarının qiymətlərində ucuzlaşma qeydə alınıb.
Ay ərzində qeyri-ərzaq məhsullarından parçaların, ayaqqabıların, inşaat materiallarının, benzinin, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, soyuducuların, tozsoranların, alətlıər və avadanlığın, velosipedlərin, minik avtomobillərinə ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olundu.
İyulda geyimin, səs və video fayl daşıyıcılarının, kondisionerlərin, fərdi kompyuterlərin və mobil telefonların qiymətlərində azalma qeydə alınıb.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən camaşirxana, geyim təmiri və kirayəsi, dəmiryolu və taksi ilə sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətlərində bahalaşma qeydə alınıb. Bununla yanaşı, hesabat ayında ev və məişət üzrə xidmətlərin, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma olub.
İyulun yekunları üzrə orta illik qiymət 14%-dək artıb. Həmçinin il ərzində ərzaq malları 18,2%, qeyri-ərzaq malları 12,6%, xidmətlər 9,6% bahalaşıb.
Azərbaycan hökuməti 2017-ci ildə orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib. **
N.Abbasova