2017-ci ilin yanvar-iyun aylarında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı 1,694 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2017-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 13,182 min cinayət hadisəsinin 1,694-ü və ya 12,9%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub”, - Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən deyilir
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1,302 min nəfərin 89,6%-ni heç yerdə işləməyən və oxumayanlar, 39,4%-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib.
“Bununla belə, cinayət törətmiş şəxslərin 0,2%-i yetkinlik yaşına çatmayanlar, 8,6%-i 18-24 yaşlı, 13,9%-i 25-29 yaşlı gənclər, 77,3%-i isə 30 və yuxarı yaşlı şəxslər olub”, - DSK qeyd edir.
Bu dövrdə müsadirə edilmiş 639,2 kiloqram narkotik maddələrin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 35,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edir. **
R.Babayev