Heydər Əliyev Beynəlxalq Aeroportu bu ilin yanvar-iyul ayları ərzində təxminən 2,2 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30% çoxdur. Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat verilib.
“Heydər Əliyev Beynəlxalq Aeroportu bu ilin yanvar-iyul ayları ərzində təxminən 2,2 mln. sərnişinə xidmət göstərib. Sərnişinlərin 85%-i (təxminən 1,87 mln. – İF-Az) beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 49,6%-i AZAL-ın, 50,4%-i xarici aviadaşıyıcıların payına düşüb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,25 mln. sərnişin düşüb ki, bunun da 329 min nəfəri daxili reyslərlə daşınıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlayıb. Bu ilin sentyabr ayından Azərbaycanın ilk lou-kosteri “Buta Airways” uçuşlara başlayacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
N.Abbasova