Bakı və İslamabad hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bəyan edib.
“Hərbi sahədə Azərbaycanla əməkdaşlığımız daim inkişaf edir. Azərbaycan bu yaxınlarda "Super Mushshak" təyyarələri alıb və hərbi sahədə tərəfdaşlığımızı birgə treninqlər və təlimlər keçirməklə genişləndirəcəyik", - diplomat Bakıda brifinqdə bildirib.
“Azərbaycan tərəfindən "Super Mushhak" təyyarələrinin alınması "JF Thunder" təyyarələrinin alınması üzrə danışıqların dayandırılması anlamına gəlmir. Gələcəkdə bu məsələyə dair danışıqların davam edəcəyinə ümidvarıq”, - səfir əlavə edib.
S.Mohmand qeyd edib ki, cari ilin iyul ayında Bakıya səfər edən Pakistanın hərbi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsindən məmnundur.
"Super Mushhak" təyyarələri Pakistanda istehsal olunan əsas tədris-təlim təyyarələridir və “MFI-17 Mushshak”ın təmilləşdirilmiş versiyasıdır. Pakistan Təyyarəçilik Kompleksi tərəfindən hazırlanıb.
"JF Thunder" - Çin-Pakistan birgə istehsalı olan qırıcı-bombardmançı təyyarədir. Çin Hərbi Hava Qüvvətlərində təyyarə “Chengdu FC-1 Xiaolong” kimi qeydə alınıb. **
F.İsazadə