Prezident İlham Əliyev Bakı və Aşqabad arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edir. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
«Əlaqələrimiz uğurla inkişaf edir və ən yüksək səviyyədədir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır», - deyə İ.Əliyev avqustun 8-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata bəyanatlarla çıxış zamanı bildirib.
Dövlət başçısı ikitərəfli görüşün yekunları üzrə imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannaməyə də toxunub.
“Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib”, - deyə prezident İ.Əliyev vurğulayıb.*
R.Babayev