Aşqabad və Bakı Xəzəryanı regionun beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarlarıdır. Bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bəyan edib.
“Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir.Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır”, - Q.Berdiməhəmmədov çərşənbə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
O həmçinin qeyd edib ki, hər iki ölkə bölgədə sülh və sabitliyin təminatı məqsədilə birgə fəaliyyət göstərir.
“Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq”, - Türkmənistan lideri vurğulayıb. **
F.İsazadə