Prezident İlham Əliyev Türkmənistanla energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edir. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
«Bu gün imzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır», - deyə İ.Əliyev avqustun 8-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
O, ticarət-iqtisadi sahədə də uğurların olduğunu diqqətə çatdırıb.
«Ötən il qarşılıqlı mal dövriyyəsinin həcmi artıb», - deyə İ.Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, bu gün ikitərəfli görüşdə tərəflər nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər.
“Bu gün danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq”, - deyə İ.Əliyev vurğulayıb.
O əlavə edib ki, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır.
“Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq”, - deyə dövlət başçısı bildirib.*
R.Babayev