Bakı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyin tərəfdarıdır. Bunu prezident İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
“Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli formatda müzakirələri davam etdirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyin tərəfdarıdır”, - deyə o bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edir.
“Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, bu gün həm Azərbaycanda, həm Türkmənistanda yeni dəniz limanları tikilir. Bu da gələcəkdə iki ölkənin nəqliyyat imkanlarını daha da artıracaq.*
A.Axundov