“Sahil” stansiyası 2017-ci il avqustun 20-dən əsaslı təmir işlərinin aparılması məqsədilə bağlanacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
““Sahil” stansiyası 20 avqust 2017-ci il tarixindən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
1967-ci ildə istismara verilən stansiyada təmir işləri çərçivəsində eskalatorların yeniləri ilə əvəzlənməsi planlaşdırılır. Xüsusilə “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq.
“Analoji işlər “28 May” stansiyasında da aparılmışdı. Bundan başqa, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində “Sahil” stansiyasının mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova