“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Akademik Topçubaşov” gəmi-bərəsi təmir olunub. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Bu ilin iyulundan “Zığ” Gəmi Təmiri Zavodunda başlayan təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. Belə ki, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı su, yağ və yanacaq nasosları, köməkçi və baş mühərriklər, avar valı, kinqston qutuları təmir edilib”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, bərənin sualtı və suüstü hissəsi, yuxarı göyərtələr, maşın şöbəsi mexanizmlərlə birgə təmizlənərək rənglənib. Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə artıq istismara verilib.
1985-ci ilə inşa edilən gəminin uzunluğu 154,50 metr, eni 18,3 metrdir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir.*
N.Abbasova