Avqustun 11-də “Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən xəbər verir.
Yarışların yekunları üzrə Azərbaycan və Rusiya dənizçiləri birinci, İran dənizçiləri ikinci, Qazaxıstan dənizçiləri üçüncü yerləri tutublar.
Yarışların əsas mükafatı olan "Qalibiyyət" kuboku Azərbaycan komandasına təqdim edilib. Kubok 6 ay Azərbaycanda qaldıqdan sonra Rusiyaya təqdim olunacaq.
Eyni zamanda, Rusiya komandasına kater sertifikatı verilib.
Müsabiqənin iştirakçılarını Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin, Müdafiə Nazirliyinin məsul zabiti, general-mayor Ənvər Əfəndiyev və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, 1-ci dərəcəli kapitan Zaur Hümmətov təltif ediblər.
1-11 avqust tarixlərində Xəzərin Azərbaycan sektorundakeçirilən yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak ediblər.*
F.İsazadə