2017-ci ilin I yarısında Türkiyənin “Petkim” neft-kimya holdinqinin xalis mənfəəti 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 73,6% – 655,063 mln. türk lirəsinə qədər artıb. Bu barədə holdinqin saytında məlumat verilir.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (51%).
Məlumatda qeyd edilir ki, cari ilin yanvar-iyun aylarında şirkətin ümumi mənfəəti 938,698 mln. türk lirəsi (artım 1,9 dəfə), satışların həcmi 3 mlrd. 626,42 mln. türk lirəsi (artım 58,6%), əsas əməliyyat gəliri 808,726 mln. türk lirəsi (artım 1,9 dəfə) təşkil edib.
I yarımilliyin yekunları üzrə “Petkim”in aktivləri 6 mlrd. 314,284 mln. türk lirəsi təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,7% çoxdur.
2017-ci ilin yanvar-iyun aylarında şirkətin məhsullarının ümumi həcmi 1 mln. 664,559 mİn ton (artım 3,4%), satışların həcmi 1 mlrd. 5,241 min təşkil edib (artım 7,4%).
Qeyd olunan dövrdə şirkətin istehsal güclərindən istifadə əmsalı ötən ilin analoji dövründə 94%-ə qarşı 96%-ə çatıb.
“2017-ci ilin ilk 6 ayı ərzində “Petkim Hiolding”in kaital qoyuluşları 2016 mln. türk lirəsi təşkil edib. Bu vəsait kompleksə daxil olan zavodların modernləşməsinə, texnologiyaların inkişafına, enerji səmərəliliyinin artırılmasına və ekoloji layihələrə yönəldiləcək”, - məlumatda deyilir.
Şirkətin məlumatına görə, hazırda hımçinin “STAR” NEZ-in tikintisi, “Petlim” konteyner limanının ikinci mərhələsinin tikntisi üzrə işlər davam edir.
Bundan başqa, 2017-ci ilin birinci yarısında kompleksin ehtiyacları üçün külək elektrik stansiyası üzrə işlər davam etdirilir. İndiyədək stansiyada 17 turbindən 14-də quraşdırılma işləri başa çatıb, daha 3 turbinin quraşdırılması davam edir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.**
N.Abbasova