Prezident İlham Əliyev Ramil Quliyevi Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qələbə qazanması münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Əziz Ramil, ilk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan. Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik. Sənə idmanda yeni qələbələr arzulayıram”, - deyə təbrik məktubunda qeyd olunur.
R.Quliyev yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə ilə qızıl medala sahib olub.
İkinci yerdə Cənubi Afrika təmsilçisi Ueyd van Nekirk (20,11), üçüncü yerdə isə Trinidad və Tobaqodan olan Ceremi Riçards (20,11) qərarlaşıb.*
R.Babayev