2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 18 mlrd. 987,3 manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 9 mlrd. 562,3 mln. manat (2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə artım 1,2%), qeyri-ərzaq mallarının alınmasına 9 mlrd. 425 mln. manat (artım 2,4%) sərf olunub.
Cari ilin yanvar-iyul aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 17,9%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5%-i avtomobil yanacağının, 1,4 %-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova